Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə 28 May küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində qeydə alınıb.
28 May küçəsi ilə hərəkətdə olan “Toyota RAV-4” markalı avtomobilin xanım sürücüsü işıqforun qırmızı işığında keçərək yolayrıcında olan “Chevrolet Cruze” markalı avtomobilə çarpılıb. Daha sonra “Toyota” mağazaya dəyərək dayanıb.
Qəza nəticəsində “Toyota” deformasiyaya uğrayıb, sürücü və sərnişin ağır xəsarət alaraq salonda sıxılmış vəziyyətdə qalıblar.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gələrək yaralıları salondan çıxarıblar.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_134023" align="alignnone" width="640"]
Foto APA.az[/caption]