Paytaxtın Nizami rayonunda insanların telefonlarını danışmaq adı ilə götürüb qaçan şəxs tutulub. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hacıqabul rayon sakini Fuad Soltanov insanlara yaxınlaşaraq danışmaq üçün telefon istəyib, daha sonra mobil telefonlarla birlikdə gözdən itərək oğurluq edirmiş. O, Nizami rayonunda eyni yolla telefon oğurlayaraq, bank kartından 995 AZN pulu öz hesabına köçürüb.
Faktla bağlı araşdırma aparılır. Fuad Soltanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, 25-ci Polis Şöbəsinə, "102" Xidməti - Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.