Bakının Sabunçu rayonunda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) isitnadən xəbər verir.
Yol hərəkəti qaydasını pozduğu üçün “VAZ-2106” markalı 90-TK-116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” əmri verilsə də, o, buna məhəl qoymayaraq, hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da həyatı üçün təhlükə yaradan sürücü Rəşad Əsgərov saxlanılıb. Sənədləri yoxlanılan zaman onun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Əsgərovun narkotik təsiri altında olduğu müəyyən edilib.
Bununla bağlı protokol tərtib olunub, iş məhkəməyə göndərilib. Məhkəmənin qararı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/03/sequence-01_16.mp4"][/video]