Bakının Sabunçu rayonu, Zabrat dairəsinin yaxınlığındakı çörək sexində partlayış baş verib. Bu haqda bu gün, 26 iyun tarixində APA məlumat verib.
Əraziyə təcili tibbi yardım briqadaları göndərilib. Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilir. Üç qadın və bir kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yanıq mərkəzinə çatdırılıblar. Onlardan 3 nəfərin işçi, bir nəfərin isə müştəri olduğu bildirilir.
Hazırda ərazidən partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür. İlkin məlumata görə, hadisə obyektdəki qaz balonunun partlaması nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.