Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar. Bu haqda 7 fevral tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilən və Frans İosif Haydenin 290 illiyinə həsr olunmuş “Fantasia” I Beynəlxalq Klassik Musiqi Müsabiqəsində iştirak ediblər.
Məktəbin qanun ixtisası üzrə şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Xədicə Balabəyova Adil Gərayın “Səfikürd” əsərini ifa edib və "Simli alətlər" nominasiyası üzrə 11-13 yaş kateqoriyasında yaşıdları arasında Qran-Pri mükafatına layiq görülüb. 14-16 yaş kateqoriyasında eyni nominasiyada çıxış edən Əsmər Qədirli “Bağçakürd” əsərini ifa edib və I dərəcəli laureat adını qazanıb.
Hər iki ifaçının müəllimləri - Vəfa Babazadə və Ayna Səttarova “Təşəkkürnamə” ilə təltif ediliblər.