Ötən gün Bakıda Beynəlxalq Piano Festivalının açılış mərasimi olub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 21 may tarixində xəbər verir.
Bakıda ilk dəfə keçirilən festival Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün 5 nömrəli konsertinin sədaları ilə açılıb.
Açılışda mədəniyyət naziri Anar Kərimov bildirib ki, festival davamlı olaraq tək Bakıda yox, regionlarda da keçiriləcək.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross da iştirak edib.
Festivalın təşkilatçısı Şahin Növrəsli çıxışında, bu mötəbər tədbirin Azərbaycanın musiqi bayramına çevriləcəyini qeyd edib.
I Bakı Beynəlxalq Piano Festivalı dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək.
Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb.