Bu gün Azərbaycanın və Rusiyanın Xalq artisti Tamilla Ağamirovanın anadan olmasından 96 il ötür.
Tamilla Ağamirova 1928-ci ildə Bakıda anadan olub. O, Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib.
1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisası olub. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb.
Tamilla Ağamirovanın həyatında 1957-ci ildə çəkilmiş "Don Kixot" filmi xüsusi əhəmiyyətə malikdir. Məhz bu filmdən sonra o, tanınmağa başlayır və bir sıra filmlərdə baş rola dəvət edilir.
Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.
Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" Fəxri adlarına layiq görülüb.