Rusiyanın Böyük Teatrının solisti, Azərbaycanın xalq artisti Elçin Əzizov “BraVo-2022” beynəlxalq peşəkar musiqi mükafatının laureatı olub. Bu haqda məlumat mükafatın saytında yayılıb.
Avrasiya qitəsinin 10-dan çox ölkəsindən klassik səhnənin nümayəndələri mötəbər musiqi mükafatının - “BraVo-2022”-in sahibləri oldular. Builki mükafatın laureatları opera və balet ulduzları ilə yanaşı, Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Çin, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin ən yaxşı klassik musiqi ifaçılarıdır.
“BraVo-2022” mükafatlandırma mərasimi qiyabi olaraq baş tutub. “Skripka açarları” laureatlara öz ölkələrinə göndərilib və şəxsən təqdim olunacaq.
Elçin Yaşar oğlu Əzizov — Azərbaycanın opera (bariton) müğənnisidir. O, 1975-ci ildə Bakıda anadan olub. Əzizov Böyük Teatrın vokalisti, Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti olan ilk azərbaycanlıdır. Elçin Əzizov 1997-2001-ci illərdə "Bakılı oğlanlar" komandasının üzvü olub.