Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş gecə keçirilib. Bu haqda 15 aprel tarixində Day.az məlumat verib.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.
Proqramda əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı olub. Proqramda Fikrət Əmirovun bəstələri ifa olunub, “Min bir gecə” baletindən fraqmentlər açılıb. Gecədə, həmçinin “Kürd ovşarı” və “Azərbaycan Kapriççiosu” simfonik muğamı ifa olunub.
Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş fotosərgi təqdim olunub.