Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət və iaşə obyektlərində yoxlamalar keçirib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az agentliyin mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən reyd zamanı Yasamal rayonunda yerləşən “Atlant” və “Food” marketləri, Nərimanov rayonunda yerləşən “Arzu” marketi, Binəqədi rayonunda yerləşən Nicat Nəcəfova məxsus marketdə qanun pozuntuları aşkar edilib.
Həmçinin Səbail rayonunda yerləşən “145 Passage" kafesi, Suraxanı rayonunda yerləşən "Öz Urfa", “Ağrıdağ" və "Marani" restoranları, Binəqədi rayonunda yerləşən "Çətir", "Qədim Qəbələ" və "Yağmur" restoranlarında bir sıra nöqsanlar aşkar edilib.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.