Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi təqdim edəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər.
ADY oktyabr ayından etibarən isə qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verir. Hələ ki ödənişsiz “Wi-Fi” şəbəkəsi bir həftə test rejimində çalışacaq.
Bundan əlavə, ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək.