Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev ABŞ-nin Nyu-York şəhərində görüntülənib. O, küçədə video çəkən qazaxıstanlı bloqer Madina Sunun kamerasına tuş gəlib. İnfluenser həmin videonu sosial şəbəkə hesablarında paylaşıb.
Videonun paylaşılmasından sonra sosial şəbəkələrdə və mətbuatda Əbülfəs Qarayevin Azərbaycanı tərk etdiyi və ABŞ-yə köçdüyü barədə iddialar yayılıb.
Modern.az-a açıqlama verən Əbülfəs Qarayev iddiaların yalan olduğunu bildirib.
"Yayılan videodan da, gedən boş-boş söhbətlərdən də məlumatım var. İnanmayın. Hər dəfə müsahibələrdə də demişəm - mən müəlliməm, elmi işlərlə məşğulam. Belə səfərlərə getmək ölkədən qaçmaq demək deyil. Həmin gün isə konfransa gedərkən təsadüfən kameraya tuş gəlmişəm. ABŞ-dən sonra Böyük Britaniyaya nüfuzlu elmi konfransa mühazirə oxumaq üçün dəvət almışam", - Əbülfəs Qarayev qeyd edib.
Sabiq nazir vurğulayıb ki, o, hazırda Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, həmçinin İngiltərənin Koventri Universitetin fəxri doktoru və "visiting professor"udur.