“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Bərpa Mərkəzi açılacaq. Bu haqda bu gün, 27 may tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Riad Qasımova istinadən 1News məlumat yayıb.
Qasımovun sözlərinə görə, İçərişəhərin qala divarlarının ümumi uzunluğu 900 metrdən çoxdur. Təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vaxt tələb olunur: “Bu, kifayət qədər vaxt tələb edən böyük layihədir. İçərişəhərdə insanlar yaşayır, turistlər gəlir. Qala divarlarının mərhələli şəkildə bərpası qərara alınıb”.
Riad Qasımov qeyd edib ki, mərkəzin fəaliyyətinə gənc mütəxəssislər cəlb olunacaq ki, bu da onlara tarixi abidələrin bərpasında təcrübə toplamaq imkanı verəcək.
Həmçinin, ötən gün məlum olub ki, bu həftədən etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu qala divarının bir hissəsinin - bürcün bərpasına başlayıb. Bərpa işlərinə Avstiyanın “Atelye Eric Pumer” MMC şirkəti rəhbərlik edir.