Bakıda 17 may tarixində mənzildə ölümlə nəticələnən yanğın faktı ilə bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 19 may tarixində Report Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verib.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib.
Daha öncə məlum olub ki, paytaxtın Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş vermişdir. Yanğın nəticəsində bir nəfər - 74 yaşlı Yelen Abdullayeva dünyasını dəyişmişdir. Alışma mərhumun yaşadığı evin qapısından başladığı üçün o, mənzildən çıxa bilməmişdir.