Bakıda itkin düşərək tapılan kursant hərbi məktəbdən kənarlaşdırılacaq. Bu haqda 18 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Fevralın 13-də itkin düşən və 17 fevralda tapılan Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı Vüsal Hüseynli hərbi məktəbdən kənarlaşdırılacaq.
Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə axtarış tədbirləri nəticəsində kursant tapılıb və hərbi məktəbə qaytarılıb. Hüseynli ilə aparılan söhbət zamanı məlum olub ki, o, şəxsi intizamsızlığı, məsuliyyətsizliyi, ailə məişət zəminində yaranmış problemlər səbəbindən ailəsinə və hərbi məktəbə qayıtmayıb.
Nizamnamə qaydalarını pozaraq heç bir əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə kursant Vüsal Hüseynli hadisənin təfərrüatları tam araşdırıldıqdan sonra hərbi məktəbdən kənarlaşdırılacaq.