Torpaqlarımızın azad olunmasında şücaət göstərən şəhid Rəşad Babayevin doğum günüdür. Bu haqda 4 iyun tarixində Bakuplus.az məlumat verir.
Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olub.
8 yaşından cüdo idman növü ilə məşğul olub və ümumilikdə 20-dən çox medal qazanıb. Orta təhsilini 277 nömrəli idman təmayüllü məktəbdə alıb. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. 2017-ci ildə ailə həyatı qurub.
Azərbaycan Ordusunun giziri olan Rəşad Babayev Vətən müharibəsi zamanı Kəlbəcərin, Cəbrayılın, Füzulinin və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olub və Maştağa Şəhidlər Xiyabanında dəfn edilib.
Rəşad Babayev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.