Velosiped satışı ilə məşğul olan “Touchess” MMC gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətini pozduğu üçün cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd edək ki, gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
"Touchess" MMC daha əvvəl eyni və digər inzibati xəta törətdiyinə görə cərimələnmişdi.
Bildirək ki, "Touchess" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Məmmədov Səbuhi Əmirxan oğludur.