top
Aparıcı mədəniyyəti və ailə institutu haqqında bir neçə söz
03 aprel 2025, 22:34
- ↺ +

Aparıcı mədəniyyəti və ailə institutu haqqında bir neçə söz

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gündür sosial şəbəkələrdə aparıcı Nigar Fərhadın “oğluma heç vaxt atasız qız almaram” tipli məntiqsiz fikri geniş şəkildə müzakirə edilir. Aparıcının saçma fikirləri haqlı olaraq minlərlə istifadəçi tərəfindən tənqid edilir. Nigar xalqdan üzr istəsə də, 6 diplomlu, Harvard məzunu olduğunu iddia edən bir nəfərin dilindən belə bir cümlənin işlədilməsi bağışlanmır ki, bağışlanmır.

Baş verən hadisələr isə bir neçə məqamı ortaya çıxardı. Birincisi, bu gün televiziyalarda bir çox aparıcının intellekt səviyyəsinin, danışıq qabiliyyətinin acınacaqlı durumda olduğu göz önündədir və son baş verən hadisə bunu bir daha sübuta yetirdi. Kimi gəldi efirə aparıcı adı ilə çıxaranda bu tip halların baş verməsi təbii ki, qaçınılmaz olacaq. Elə bu tip aparıcı seçimləri ucbatından bu gün yerli tamaşaçı televiziyalarımızdan uzaq düşüb. Elə bu tip aparıcı seçimləri ucbatından bu gün efirdən dilimizin saflığını məhv edən, geydirmə türk seriallarından öyrənilən sözləri gözümüzə və qulağımıza soxan, dilimizi bu tip kəlmələrə alışdıran, mədəniyyətin “m” hərfindən uzaq olan şəxslər veriliş aparır, başbilənlik edir. Bir-iki il də aparıcı olub xalq arasında tanındıqdan sonra özlərini hərşeyşünas sayıb istənilən məsələdə yekə-yekə fikir bildirən, məntiqdən uzaq fikirlərini Quran ayəsi kimi camaata sırıyan aparıcılar da bu seçimlərin nəticəsidir. Əslində nə baş verir? Baş verən odur ki, köhnə dəyərlər, seçim qaydaları, təlimlər unudulub, savad və diksiya meyarları bir kənara buraxılıb. Dost-tanış vasitəsilə televiziyalara ayaq açan bəzi şəxslər sonradan aparıcı kimi qarşımıza çıxır. “TikTok” və “Instagram”da düşük videoları “gündəm” olan şəxslər bir anda aparıcı kimi qarşımıza çıxır. Bu da nəticəsi. Bir ara verilişlərə qonaq kimi çıxan, ekspertlik edən, məhəllə arvadlarının davasını ekranda yaşadan, “mənim 6 diplomum var” deyən insanı efirə aparıcı kimi dəvət edəndə onun bu tip açıqlama verəcəyi də gözlənilən idi. Mənim əsla Nigar Fərhada qarşı bir antipatiyam, etirazım yoxdur. Mənim etirazım onun timsalında olan insanları aparıcı kimi efirə çıxaranlaradır. Yadımdadır, bu gün bağlanan kanalların birində çalışırdım və aparıcıların hansı seçimlərdən keçdiyini, hansı çətinliklərlə üzləşdiyini görmüşdüm. Seçim mərhələsindən sonra isə AZTV-dən dəvət edilən Şərqiyyə Hüseynova, Sabir Ələsgərov kimi nəhənglərin 6 aylıq kursuna cəlb edilirdilər. Bu, ən doğru variant idi. Amma bu gün nə baş verir? Savadı, diksiyası olmayan, elementar etika qaydalarına sahib olmayan şəxslər efirlərə ayaq açıb. Məncə bu son hadisədən sonra bütün telekanallar aparıcı seçimində diqqətli olmalı, təsadüfi şəxsləri işə cəlb etməməlidirlər. Bununla yanaşı, bu gün yerli televiziya kanallarında çalışan çox peşəkar, diksiyası, mədəniyyəti, danışıq tərzi yerində olan kifayət qədər savadlı aparıcılarımız da var. Onları qeyd etməmək, unutmaq haqsızlıq olardı.

O ki qaldı aparıcının səsləndirdiyi sərsəm fikrə, məncə sosial şəbəkə istifadəçiləri lazımi cavabı veriblər. Bu gün boşanmaların sürətlə artdığı bir dövrdə belə bir fikir səsləndirmək məntiqdən uzaqdır. Elə fikrin özü də məntiqdən uzaqdır. Mən sizə minlərlə atasız böyüyən qız göstərə bilərəm ki, minlərlə atalı böyüyən qızdan daha uğurlu həyat tərzi sürür, ayaqlarını yerə sağlam basır. Mən sizə minlərlə boşanmış ailə göstərə bilərəm ki, atanın daim nəzarəti övladlarının, xüsusən də qızlarının üstündədir və bu qızlar heç bir halda atasızlıq yaşamır. Minlərlə boşanmış ailə göstərə bilərəm ki, ata bütün gücünü, enerjisini, vaxtını, maddi imkanlarını övladlarının inkişafına, təhsilinə yönləndirib. Boşanma bir-biri ilə yola gedə bilməyən, bir-birini anlamayan, bir-birinə artıq uyuşmayan iki insanın nikahının pozulmasıdır. Boşanma kiminsə atasız, kiminsə anasız qalması demək deyil. Millətimin ailə bağı, ailəyə bağlılığı, ailə institutu çox şükür ki, hələ sağlamdır və valideynlərin böyük əksəriyyəti övladını yetişdirmək, cəmiyyətə uyğun şəxs bəxş etmək üçün var gücünü ortaya qoyur. Əgər kiminsə uşaqlıqdan atasız böyüməklə bağlı travması varsa, bunu ümumiləşdirib şəxsi fikrini cəmiyyətə sırımamalıdır. Hələ bu insan tanınmış ictimai şəxs, aparıcıdırsa, seçdiyi hər sözdə, hər kəlimədə ehtiyatlı, diqqətli olmalıdır. Əks halda Nigar Fərhadın aqibəti ilə üzləşə bilər.

Sara Məmmədli

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər