Paytaxtın Binəqədi rayonunda yerləşən “Dərnəgül”' MTK-ya məxsus olan “Elit Park” yaşayış kompleksində yaşayan sakinlər binanın rəhbərliyindən narazıdırlar. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Vətəndaşların sözlərinə görə, onlardan xəbərsiz MTK tərəfindən kommunal xərcləri və binanın saxlanılması adı ilə hər mənzildən kvadratmetr üçün yığılan məbləğ 35 qəpikdən 45 qəpiyə artırılıb. Bununla razılaşmayan sakinlərin isə liftə girişi məhdudlaşdırılıb. Belə ki, rəhbərlik tərəfindən liftlərdə xüsusi avadanlıq quraşdırılıb, girişə yalnız ödənişlə razılaşanlar üçün icazə verilib.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, binanın idarəetməsini özlərinin həyata keçirmələri üçün ərizə yazıblar.
“Dərnəgül”' MTK-nın hüquqşünası Fərid Həsənov bildirib ki, kommunal xərclərin artırılması zamanı sakinlərin iştirakı ilə iclas keçirilib. Liftdə xüsusi avadanlıqların quraşdırılmasına gəlincə o qeyd edib ki, kommunal ödənişləri etməyənlərin liftə buraxılmamaları normaldır.
Şikayətçilərin iddialarına görə isə ödənişin qaldırılması onlarla razılaşdırılmayıb. Sadəcə olaraq WhatsApp-da paylaşım etməklə yeni qərarlarını açıqlayıblar.