top
“Əhməd haradadır?” filminin Ceyranı: “80 yaşında bir aktrisa axtarırsınızsa, mən hazır” - MÜSAHİBƏ
07 fevral 2025, 04:35
- +

“Əhməd haradadır?” filminin Ceyranı: “80 yaşında bir aktrisa axtarırsınızsa, mən hazır” - MÜSAHİBƏ

Azərbaycanda “Əhməd haradadır?” filmindəki Ceyran obrazı ilə məşhurlaşan, hazırda Tbilisidə Rustaveli adına Milli Teatrın aktrisası olan, Gürcüstanın Xalq artisti Nonna Paçuaşvili report.az-a müsahibə verib.

Aktrisa karyerası, həm də Azərbaycanla bağlı maraqlı hiss və təəssüratlarını bölüşüb:

- Nana xanım, hazırda teatr aktrisasısınız, lakin Azərbaycan tamaşaçısı sizi daha çox “Əhməd haradadır?” filmindən tanıyır. Ümumiyyətlə, bu filmdən sonra kino karyeranız necə oldu? Başqa rollar üçün dəvət gəldimi?

- Bəli, mən elə bir filmdə rol almışam ki, artıq o, demək olar, tarixi bir filmə çevrilib. Çünki kinematoqrafiyada bu filmi çox sevirlər, xüsusilə də orada oynayan aktyorlar – hamısı çox məşhur, çox dəyərli insanlardır və mənim onlarla çox yaxşı dostluq bağlarım var idi.

19 yaşım olanda rejissor Adil İsgəndərov nədənsə düşündü ki, mən Ceyranam. Mən o vaxtlar kürən idim, üzümdə çillər vardı, heç Ceyrana oxşamırdım. Amma rejissor istəyəndə hər şey mümkün olur. Saçımı qara rəngə boyadılar. Dili isə bilmirdim, amma hər şeyi anlayırdım...

- Filmin çəkiliş prosesi zamanı başınıza bədbəxt hadisə gəldi və həyat yoldaşınızı itirdiniz. Həssas məsələ olsa da, maraqlıdır, nə vaxtsa özünüzü məhz Bakıya gəldiyiniz, o filmə çəkildiyiniz üçün qınadınızmı?

- Bəzən bu barədə danışanda göz yaşlarımı saxlaya bilmirəm, elə indi də özümü pis hiss edirəm. Bəlkə də, o vaxt çəkilişlərdə iştirak etməsəydim, daha yaxşı olardı. Çünki o vaxt çox çətin bir vəziyyət yaranmışdı. Mən sonralar oğlumla baş-başa qaldım. O zaman ona cəmi ikiaylıq hamilə idim. Film çəkilişləri zamanı sona qədər özümlə mübarizə apardım ki, iş başa çatsın. Hətta düşündüm ki, bir daha Bakıya gəlməyəcəm. Lakin sonradan teatrın qastrol səfəri oldu və mən Bakıya getməyə məcbur qaldım.

Bu günə qədər də mən azərbaycanlıları çox sevirəm. Biz bu teatrda 2023-cü ildə Heydər Əliyevin yüzillik yubileyi münasibətilə Leyla Əliyevanın (Heydər Əliyev Fondunun vitse-prezidenti - red.) şeirləri əsasında çox möhtəşəm bir tamaşa hazırladıq. Tərcüməsi də çox uğurlu alındı, böyük bir iş idi.

Demək istəyirəm ki, bu dostluq böyük uğur və istiliklə davam edir. Biz gürcülər azərbaycanlıları həqiqətən çox sevirik. Bu sevgi təkcə yaradıcılıqda deyil, həyatda da açıq-aşkar görünür.

- Filmdəki əsas tərəf-müqabiliniz Elxan Qasımov iki il öncə vəfat etdi. Onu necə xatırlayırsınız?

- Elxan Qasımov mənim dostum idi. Bizim çox yaxın münasibətlərimiz var idi. Daim əlaqə saxlayırdıq, məni tez-tez Bakıya dəvət edirdi, görüşürdük. Onu tərəf-müqabili kimi çox sevirdim. Çox xarizmatik insan idi. O vaxt hər ikimiz gənc idik. Bu filmdə mən Nəcibə xanımı da (Nəcibə Məlikova - red.) çox sevirdim. O, həqiqətən anam kimi idi, mənə çox qayğı göstərirdi. Ümumiyyətlə, istər Elxan, istərsə də Nəcibə xanımla bağlı xatirələrim tamamilə yaradıcı və çox isti hisslərlə doludur (kövrəlir). Təəssüf ki, indi yalnız mən qalmışam. Hələlik Ceyran sağdır. Bu, kədərlidir, eyni zamanda, mənim üçün dəyərli xatirələrdir. Həyat isə davam edir.

- Bu gün Azərbaycandan təklif gəlsə, yenidən Bakıya getmək, hansısa layihədə yer almaq istəyərsinizmi?

- Böyük məmnuniyyətlə. Əgər bir təklif olarsa, heç düşünmədən qəbul edərəm. Əgər 80 yaşında bir aktrisa axtarırsınızsa, mən hazıram!

- "Əhməd haradadır" filminin davamını çəkmək arzusu sizdə yaranıbmı?

- Bu barədə söhbət olmuşdu və Elxan bunu çox istəyirdi. O deyirdi ki, görək Əhməd 60 ildən sonra haradadır?! Xaricdə belə hallar tez-tez baş verir. Əgər bir film uğurlu alınırsa və sevilirsə, 40-50 ildən sonra aktyorların necə yaşlandığı, həyatlarının necə davam etdiyini görmək istəyirlər. Elxanın da belə bir arzusu var idi. O, bu barədə danışırdı. Nədənsə biz həmişə bunun baş verəcəyini gözləyirdik. Amma olmadı.

- Cəmi bir neçə filmdə rol almısınız. Bunun səbəbi nədir, rejissorlar dəvət etmədilər, ya özünüz istəmədiniz?

- 20 yaşımdan etibarən 60 ildir bu teatrda çalışıram. Artıq Xalq artistiyəm, fəxri aktrisayam. Rustaveli adına Milli Teatrda, demək olar ki, 100-ə yaxın rol oynamışam. Bu mədəniyyət ocağı Gürcüstanda bir nömrəli teatr sayılır. Kino sahəsində isə, bəli, çəkilmişəm, amma çox deyil. Çünki mən kinonu sevmirəm, kino da məni sevmir. Belə də olur.

- "Əhməd haradadır" filmi barədə indiyə qədər açıqlamadığınız hansısa bir xatirə və ya hadisə varmı?

- O vaxt mən gənc, cavan bir qız idim. Amma bilirsiniz, o faciədən sonra (həyat yoldaşının ölümünü nəzərdə tutur - müəl.) hansısa rolda oynamaq mənim üçün çox çətin oldu. Yalnız bunu xatırlayıram ki, yük maşınında oturmuşdum, Əhməd maşını sürürdü, hamilə idim, bətnimdə isə oğlum var idi. Həmişə düşünürdüm: ilahi, bu çəkiliş nə vaxt bitəcək? Amma bu, ekranda görünmür, hiss olunmur. Ekranda gülürəm, bax, aktyorların belə çətin dövrləri olur.

Təxminən bir il, ya il yarım əvvəl məni Marneuliyə dəvət etdilər və orada "Əhməd haradadır?" filmi nümayiş olundu. Kinoteatrda mənimlə görüş keçirildi və xeyli adam gəlmişdi. Hamı böyük zövqlə izləyirdi, gülüş səsləri eşidilirdi. Nümayişdən sonra mənə güllər bağışladılar. Maraqlısı odur ki, bu film artıq 60 ildən çoxdur ki, yaşayır. Mənim indi 80 yaşım var, amma orada çəkiləndə 19 yaşında idim. Gənclər məni görərək "bravo, bravo!" deyirdilər, sevinirdilər ki, mən sağam və film bu günə qədər yaşayır...

- Bəs sevimli aktyorumuz Lütfəli Abdullayevi necə xatırlayırsınız? Onun haqqında nə deyə bilərsiniz?

- Lütfəli Abdullayev... Bilirsiniz, o, elə şeylər edirdi ki, hamı gülürdü, mən başa düşmürdüm. Sonra Nəcibə xanım deyirdi ki, bax, o belə dedi. Amma dili bilməsəm də, onun xarakterindən anlayırdım. Lütfəli çox istedadlı bir aktyor idi. Ona baxanda bilirdin ki, bu, istedaddır. Amma o, həyatda belə deyildi. Rolunu oynayırdı, hər şeyi aktyorcasına edirdi. Yaxşı olanı heç vaxt unutmursan. Və buna görə bu film hələ də yaşayır və sevilir...

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
Bu gün, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
Bu gün, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
Bu gün, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
Bu gün, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
Bu gün, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Xəbər
Bu gün, 10:15

Yol polisi sürücülər müraciət etdi: DİQQƏTLİ OLUN

Xəbər
Bu gün, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
Dünən, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
Dünən, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
Dünən, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
Dünən, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
Dünən, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
Dünən, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
Dünən, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
Dünən, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
Dünən, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
Dünən, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
Dünən, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
Dünən, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
Dünən, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
Dünən, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
Dünən, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Oxşar xəbərlər