top
Xalq rəssamı: “Bakıdakı yeni tikililərin heç birində rəssamların izi yoxdur” - MÜSAHİBƏ + FOTO
11 fevral 2025, 02:35
- ↺ +

Xalq rəssamı: “Bakıdakı yeni tikililərin heç birində rəssamların izi yoxdur” - MÜSAHİBƏ + FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Narahat olmayın, ünvanı rahat tapacaqsınız”, – demişdi müsahibim. Elə də olur. Fotoqrafımızla “İçərişəhər” metrosundan çıxıb yolun digər tərəfindəki binanın həyətinə keçirik. Bura məşhur binadır. Bir çox rəssamın emalatxanası məhz bu binada yerləşir. 

Report.az xalq rəssamı Hüseyn Haqverdiyevlə müsahibəni təqdim edir.

– Siz elə burada, emalatxanada yaşayırsınız, deyəsən, – içəri girər-girməz soruşuram.

– Bəli, burada yaşayıram.

– Başqa eviniz var?

– Yox, mənim evim yoxdur.

– Heç olmayıb?

– Bilirsən, mən birinci həyat yoldaşımdan ayrılmışam. Evdə indi o qalır.

– Aydındır...

Araya balaca bir sükut çökür...

– Əslində, buradan şikayətçi deyiləm. Əla mənzərəsi var. Dəniz... İçərişəhər... Şirvanşahlar sarayı... Bax, bax, yaxın gəl, - pəncərənin qarşısına keçib küçəyə boylanır.

– Onda ev almağı düşünməzsiniz heç...

– Düşünsəm, nəsə dəyişmir axı (gülür), o qədər pul haradadır?

– Yaxşı, bəs bu sənət sizə qazanc gətirir? Nə dərəcədə məmnunsunuz?

– Məmnun deyiləm, təbii.

– Məmnun olsaydınız, eviniz olardı, ən azından, hə?

– Bilirsən, bəzən düşünürəm ki, bəlkə də, naşükürlük eləməməliyik. Bu emalatxana mənim üçün yaxşıdır. Amma bütövlükdə Azərbaycandakı rəssamlar daha yaxşı yaşaya bilər. Şükür Allaha, bunun üçün dövlətimizin imkanları genişdir. Amma nədənsə rəssamlar bir az diqqət və qayğıdan kənarda qalır.

– Sizcə, bunun səbəbi nədir?

– Mədəniyyət öz-özünə yaranmır, onu yaratmaq, müəyyən dəstək göstərmək lazımdır. Muzeylər, sərgilər, xüsusi layihə və dəstək proqramları və sair. Bu sadaladıqlarımı qətiyyən özüm üçün demirəm, mənim 70 yaşım var, bu, gənclər üçün, gənc kadrlar üçün lazımdır. Bir həftə qabaq Sənan Qurbanovun (Sənan Qurbanov – Azərbaycanlı heykəltəraş, qrafika ustası, – N.P) emalatxanasında oldum. Orada nə qədər işlər yığılıb qalıb, hamısını toz basıb. Sanki heç kəsə lazım deyil. Nə muzey alır, nə kimsə təşəbbüs edir... Nə bilim?..

– Niyə kiminsə təşəbbüs etməsini gözləyirik ki? Özünüz bu cür təşəbbüslərlə çıxış edə bilməzsiniz? Gərək nazirlikmi olsun?

– Kim deyir ki, eləmirik? Edirik, həm də kifayət qədər. Amma reaksiya olmur. Dediyim kimi, sanki bu heç kəsə lazım deyil. Adam ruhdan düşür, təbii. Bunun üçün fondlar yaradılmalıdır. Tutaq ki, rəssam vəfat edir, bəs sonra? Onun əsərlərinin aqibəti necə olmalıdır? İtib-batmalıdırmı? Yox. Bunlar qorunmalıdır, bu bizim mədəniyyətimizin parçasıdır. Bilirsən, mən həmişə demişəm ki, bu kimi problemləri qəti şəkildə gizlətmək, bu barədə danışmaqdan qorxmaq lazım deyil. Problemdən biz danışmasaq, bəs kim danışacaq?

– Yaxşı bəs, sizcə, mozaika XXI əsr üçün aktualdırmı?

– Mən sonuncu dəfə mozaikanı 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri üçün işləmişəm – Səngəçaldakı terminalda “Xəzər əfsanəsi” adlı 15 metrlik mozaika yaratmışam. Düşündüm ki, ondan sonra mənə saysız-hesabsız sifarişlər gələcək. Amma ondan sonra bir dəfə də olsun, maraqlanan, təklif edən olmadı. Yəni sənin sualın, əslində, doğru və yerində verilmiş sualdır. Bu gün mozaika aktualdırmı? Cavab: deyil. Amma Bakı böyüyür, bölgələrimiz inkişaf edir, nə qədər yeni tikililər inşa edilir. Amma bunların heç birində rəssamların izi yoxdur, görünmür.

– Sanki sovet dövründə rəssamlardan, yaxşı mənada, daha çox istifadə edilirdi.

– O vaxt hər tikinti büdcəsindən üç faiz sırf dekorativ işlərə ayrılırdı. Həmin o üç faizi başqa heç bir yerə xərcləyə bilməzdin, ona görə də, az qala, bütün layihələrdə rəssamların izi görünürdü.

– Səhv eləmirəmsə, Xalq yazıçısı Maqsud İbrahimbəyovun da qəbirüstü abidəsini siz hazırlamısınız.

– Elədir. Sonra Rafiq Hüseynovun, bəstəkar Ramiz Mustafayevin abidəsi, Qara Qarayevin Moskvadakı xatirə lövhəsi... Çoxdur.

– Bakıdakı Bakirə Məryəm abidəsi də sizindir.

– Bəli. O abidə də mənimdir. Özü də onun olduğu kilsə əhəngdaşından tikildiyi üçün abidə özü də əhəngdaşından hazırlanıb.

– Ölkəmizdə son illərdə hazırlanan abidələr birmənalı qarşılanmır. Bir xeyli müzakirə və tənqidlər olur. Sizin fikirləriniz maraqlıdır.

– Əvvəlcə onu qeyd edim ki, bu abidələr, fikrimcə, gecikmiş abidələrdir.

İndi başqa səviyyədə, başqa düşüncədə, daha müasir, daha yenilikçi abidələr qoyulmalıdır

– Nə mənada gecikmiş?

– Düşünürəm ki, onlar 70-80-ci illərdə qoyulmalı idi. İndi başqa səviyyədə, başqa düşüncədə, daha müasir, daha yenilikçi abidələr qoyulmalıdır. Həmçinin abidələrlə bağlı müsabiqələr çox olmalıdır.

– Biz bir az sualdan uzaqlaşdıq, Hüseyn müəllim, qayıdaq oraya. Məsələn, Müslüm Maqomayevin Bulvardakı heykəlini götürək. O abidə uzun müddət müzakirə mövzusu oldu, əgər sifariş məhz sizə gəlsəydi, onu o formada hazırlayardınız?

– Yox, yəqin ki, mən Müslüm Maqomayevin abidəsini tamamilə başqa cür hazırlayardım. Sözsüz, forma və dizaynı indi sizə izah edə bilmərəm, amma başqa olacağı dəqiqdir.

– O zaman narazılıqlara, müzakirələrə haqq verirsiniz.

– Əlbəttə, narazılığın olması sevindiricidir. Çünki bu o deməkdir ki, bizim adamlar düşünə bilir, görə bilir. Bundan yaxşı nə ola bilər? Uğurlu bir nümunəni bütün insanlar qəbul edir. Amma o yan-bu yanı varsa, qəbul etməz, müzakirəyə çıxarar. Bu, dəqiqdir. Bizdə professional tənqid yoxdur, üzdə elə hamı yalandan əl çalır. Amma gedib kənarda danışır ki, əşi, bu nədir? Amma sadə insanlar belə deyil, görür, bəyənmir və qorxmadan deyir ki, bu iş zəifdir və o adamlar 90 faiz hallarda haqlıdırlar. Biz çəkinirik, bu tanışdır, bu qocamandır, münasibətimiz var və sair. Olmaz! Bu düzgün deyil.

– Atanız Həsən Haqverdiyev də rəssam olub və bir müddət sürgün həyatı yaşayıb.

– İkinci Dünya Müharibəsi zamanı atam Sevastopol döyüşlərində almanlara əsir düşüb. Onun əsirlikdən qurtulmasında Məhəmməd Əmin Rəsulzadənin rolu olub. Ümumiyyətlə Rəsulzadənin o zaman bir çox adamın əsirlikdən qurtarılmasında əməyi keçib. Sonralar isə atam rəssam kimi 1943-45-ci illərdə Rəsulzadənin yanında işləyib. 1945-ci ildə isə QULAQ-a sürgün edilib. Eynilə bu mövzu barədə də bizə heç nə deməyib, danışmayıb, demək olar ki. 1953-ci ildə sürgündən qayıtdı. Amma qanunlara görə əlavə beş il də Bakıdan uzaqda yaşamalı idi. Ona görə də burada da, bir növ, Ucara sürgün edildi. Mən bax o zaman doğulmuşam.

– Atanız, qardaşlarınız, bacınız, həyat yoldaşınız, övladlarınız – hamınız incəsənət adamlarısınız. Bir az qəribə səslənə bilər, amma mənə maraqlıdır, siz məişətdə nə söhbətlər edirsiniz?

– Bizim üçün hər yer, hər mövzu sənətlə bağlı olur... elə müzakirələrimiz də...

 

Son xəbərlər

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Oxşar xəbərlər