Paytaxt ərazisində bu gün, 24 dekabr gecə və səhər saatlarında yol qəzaları nəticəsində piyadalar xəsarət alıb. Bu haqda Report məlumat verir.
Saat 02:00 radələrində Xətai rayonu Məzahir Rüstəmov küçəsində yolu keçən 25 yaşlı Yeganə Gülməmmədovanı avtomobil vurub. Yaralı ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Həmin rayon ərazisində daha bir yol-nəqliyyat hadisəsi saat 06:00 radələrində qeydə alınıb. 57 saylı marşrut yolu keçən 33 yaşlı Səbinə Əliyevanı vurub. Hadisə yerinə təcili yardım çağırılıb, xəsarət alan xəstəxanaya aparılıb.
Saat 07:00 radələrində paytaxtın Səbail rayonu ərazisində 45 yaşlı Məhəbbət Nəcəfov avtomobil qəzası nəticəsində xəsarət alıb. Yolu keçərkən onu maşın vurub. Yaralı sol ayağının sınığı ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.
Saat 08:00 radələrində Sabunçu rayonu ərazisində 9 yaşlı Müşkinaz Nurlunu avtomobil vurub. Qız sol qolunun sınığı ilə təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hər dörd faktla bağlı araşdırma aparılır.