Paytaxtın Xəzər rayonu çimərliklərində 20 iyul tarixində gün ərzində batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Boğulma halları Buzovna və Şüvəlan çimərliklərində xilasetmə məntəqələrinin ərazisində qeydə alınıb. Xilasetmə əməliyyatları Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.
Fövqəladə Hallar Nazirliyi çimərlikdə bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini vurğulayır. Belə ki, qadağandır:
– nəzərdə tutulmamış ərazilərdə çimmək;
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
– küləkli havada dənizə girmək;
– çimərlikdə gecələmək;
– sərxoş halda çimərlikdə olmaq;
– suda kobud hərəkətlər etmək;
– çimərlikdə balıq tutmaq;
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq.