Bakı şəhəri, Nərimanov rayonunda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilib. Bir həftə ərzində rayonun “Montin”, “Keşlə bazarı” kimi tanınan və digər ərazilərində 12 nəfər saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Əməliyyat zamanı üzərində heroin aşkarlanaraq ilk olaraq Yusif Əliyev saxlanılıb. Araşdırma zamanı Əliyev iddia edib ki, həmin narkotik vasitələrini o, Nərimanov rayonu Əliyar Əliyev küçəsinin sakinləri Rəşad İsgəndərov və İntiqam Əliyevdən alıb. Sözügedən şəxslər saxlanılıb, onların üzərində və yaşadığı evlərində müxtəlif narkotik maddələr və elektron tərəzi aşkar olunub. Onlar ifadələrində törətdiyi əməli etiraf ediblər.
Daha sonra rayonun ərazisində daha 9 nəfər saxlanılıb. Onların üzərində və yaşadığı evlərində külli miqdarda heroin, marixuana, metamfetamin və elektron tərəzilər aşkar edilib. Saxlanılıan şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Bütün faktlarla bağlı hazırda Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam edir.
[URIS id=13894]