Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində silsilə oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
30 yaşlı Əli Səfərov ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, notbuk, bank kartları, pul və digər qiymətli əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Onun üzərində metamfetamin aşkar edilib.
Saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib.
Faktla bağlı araşdırmalar davam edir. Ə.Səfərovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.