Sabunçu rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin dövriyyəsində şübhəli bilinən 48 yaşlı Vahab Manafov və Maştağa qəsəbə sakini Kamal Rəhmanov saxlanılıblar. Baxış zamanı onlardan ümumilikdə 3 kiloqram marixuana tapılıb.
Sonuncunun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində də əməliyyatlar keçirilib. Nəticədə paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlov saxlanılıblar.
Araşdırma zamanı onların Sabunçu rayonunda yerləşən bağ sahələrində kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam edir.