Bakının Xətai rayonu ərazisində yerləşən mebel sexində yanğın olub. Bu haqda bu gün, 22 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Hadisə zamanı ümumi sahəsi 200 kv.m olan sexdə dəzgah yanıb. FHN-in əməkdaşları tərəfindən alovun qarşısı alınıb və sex yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Daha bir hadisə bu gün Yasamal rayonunda baş verib. Rayon ərazisində “Ford” markalı avtomobilin yanar hissələri yanıb. Yanğın əraziyə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, yaxınlıqdakı avtomobillər alovdan mühafizə olunub.