Bakının Sabunçu rayonu, Elşən Mehdiyev, 1 ünvanında 50-yə yaxın ailə ölüm təhlükəsi yaradan yüksək gərginlikli elektrik naqillərinin altında yaşayır. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.
Elektrik naqilləri kustar üsulla bir-birinə calanıb. Sakinlər bildirirlər ki, elektrik naqilləri “Azərsu” ASC-yə məxsus 212 nasosxanasına aiddir və 20 ildən çoxdur nəzarətsiz qalan xətlər istismar müddətini çoxdan başa vurub.
Sakinlərin iddiasına görə, bu baxımsız vəziyyətdə qalan elektrik naqilləri səbəbindən 2 nəfəri elektrik cərəyanı vuraraq, həyatlarına son qoyub.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirildi ki, hazırda nasosxanaya verilən yararsız vəziyyətə düşən elektrik dirəkləri və naqilləri yaxın 2 ay müddətində söküləcək. Nasosxanaya isə başqa mənbədən elektrik enerjisi veriləcək.