Bakının Yasamal rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, evlərin birindən 1300 manat pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ayxan Qurbanov saxlanılıb. Həmçinin ondan metamfetamin və metadon həbləri aşkar olunaraq götürülüb.
Hazırda onun barəsində araşdırmalar aparılır.