Azərbaycan Dövlət Akademik Musiqili Teatrı növbəti beynəlxalq festivalda ölkəmizi təmsil edəcək. Bu haqda 4 iyun tarixində Bakuplus.az AZƏRTAC-a istinadən xəbər verir.
Belarus Respublikasının Bobruysk şəhərində iyunun 23-27-də “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivala dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrları qatılacaq. Ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Fyodr Dostoyevskinin “Utancaq qız” monotamaşası ilə təmsil edəcək. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimovadır və əsərin yeganə qəhrəmanı Şövqi Hüseynovdur.
Səfərdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Əməkdar artist Şövqi Hüseynov və teatrın səs rejissoru Məhəmməd Məmmədov iştirak edəcəklər.
Bundan əvvəl “Utancaq qız” tamaşası Tehranda keçirilən “Fəcr” Beynəlxalq Teatr Festivalında nümayiş olunmuşdur.