Bakıda fəaliyyət göstərən iki müəssisəyə maliyyə sanksiyası tətbiq edilib. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az məlumat verir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə əsas bazar iştirakçıları olan “Bakı Qida və Yağ Fabriki” və “Sun Food” MMC-lərə müraciət edib.
Sorğu marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim olunması ilə bağlı idi.
Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Hər iki müəssisəyə ayrı-ayrılıqda 5.500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.