Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ladiq Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə hökm oxunub.
Məhkəmənin qərarı ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, Ladiq Həsənov gecə saat 00:30 radələrində Abşeron rayonunda yerləşən mənzildə sevgilisi Nailə Məmmədova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisəyə qadının işləmək istəməsi, təqsirləndirilən şəxsin isə buna etiraz etməsi səbəb olub.
Mübahisə zamanı Ladiq qadının sifətinə şillə vurub, boğazından tutaraq divara sıxıb, saçından dartaraq döyüb. Daha sonra onun başını otağın qapısına vurub.
Nəticədə qadının ənsə nahiyəsində hematoma, hər iki bazusunda isə qançırlar yaranıb. Xəsarətlər tibbi qiymətləndirməyə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib və zərərçəkmişlə barışıb.
Mənbə: pravda.az