Bakının Binəqədi rayonu, Fəxrəddin Qurbanov və 1-ci mədən küçələrində yaşayan sakinlər yolların vəziyyətindən narazıdırlar. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Yerli sakinlərin sözlərinə görə, burada bir müddət öncə su və kanalizasiya xətləri çəkilib. İşlər bitdikdən sonra isə küçə qazılmış vəziyyətdə qalıb. Nəticədə vətəndaşların avtomobillərinə ziyan dəyir, taksilər və təcili tibbi yardım maşınları isə ümumiyyətlə küçələrə girməkdən imtina edir.
Müraciətlə bağlı "Azərsu"dan bildirilib ki, həmin ərazidə kanalizasiya şəbəkəsi yaradılıb və evlərə birləşmələr verilib.
“Asfalt örtüyünün bərpasına gəlincə, layihədə yalnız qazılmış hissənin bərpası nəzərdə tutulsa da, sakinlər bütün küçə və dalanların asfaltlanmasını təkidlə tələb edirlər. Bununla əlaqədar gələn həftə əraziyə qurumun mütəxəssisləri bir daha baxış keçirəcəklər və müvafiq qərar veriləcək”, - açıqlamada bildirilib.