Paytaxtın Binqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən və şəhidin adını daşıyan park baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az İctimai TV-yə istinadən xəbər verir.
Şəhid Ramiz Aboyevin adını daşıyan parkın 4 hektar yarım sahəsi var. Ərazi boyunca qırıq oturacaqlar, kələkötür yollar, baxımsız otluq sahələr görmək mümkündür. Burada işıqlandırma sistemi də işləmir.
Sakinlərin sözlərinə görə, vaxtilə buralarda uşaq attraksionları və xüsusi dekorasiyalar da olub, ancaq uzun müddətdir ki, heç kim abadlıq işləri ilə məşğul olmur.
Rəsulzadə qəsəbəsinin bələdiyyəsindən məsələ ilə bağlı bildiriblər ki, daxili imkanlar hesabına kiçik abadlaşdırma işləri görülür, ancaq əsaslı təmir üçün qurum lazımi vəsaitə malik deyil. Bu səbəbdən müvafiq qurumlara müraciət edilib. Yaxın zamanda park yenidən qurulacaq.