Bakı şəhəri ərazisində avtomobillərdən pul oğurlayan 4 nəfər saxlanılıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində “İsuzu” markalı avtomobildən 2000 manat və mobil telefon, “Ford” markalı avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş R.Səfərov saxlanılıb.
Binəqədi rayonu, Cavadxan küçəsində “Hyundai” markalı avtomobildən 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Niftəliyev və Xırdalan şəhər sakini A.Mənsimov saxlanılıblar.
Həmin rayonun Xocəsən qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Rzayev tutulub.
Hər üç faktla bağlı araşdırma aparılır.