Bakının Səbail rayonu, Murtuza Muxtarov və Vidadi küçələrinin kəsişməsində yol qəzası qeydə alınıb. Bu haqda bu gün, 29 mart tarixində APA məlumat verib.
“Nissan” markalı minik avtomobilini idarə edən sürücü “Stop” nişanına məhəl qoymayaraq yolayrıcına çıxıb. Həmin vaxt onunla əsas yolla hərəkət edən “Mercedes” markalı avtomobil toqquşub.
Zərbənin gücündən hər iki avtomobil yol kənarındakı tikiliyə çırpılıb. “Nissan”-da olan bir nəfər xəsarət alıb. Hadisə nəticəsində tikili dağılıb, avtomobillərə isə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.