Binəqədi küçələrində yollar bərbad vəziyyətdədir. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
İsfahan küçəsində rəsmi qurumların əməkdaşları yolları qazıblar, lakin daha sonra bərpa işləri aparılmayıb. Yağışda palçıq, istidə isə toz əlindən tərpənmək olmur. Artıq əraziyə sərnişin avtobusları da gəlmir.
Orxan Cabbarov küçəsində də vəziyyət ürəkaçan deyil:
“Yollar qara gündədir, marşrutlar işləmir, camaat gedib-gələ bilmir. Xəstəsi olan var, qocası olan var, avtobus yola görə işləmir. Şikayət edirik, baxan yoxdur. 4 aydır bura belədir. Şikayət olunandan sonra yalandan gəlib daş töküblər”, – deyə sakinlər şikayət edirlər.
Onların sözlərinə görə, asfalt zavodu işləmədiyindən əraziyə asfalt vura bilmirlər.
Vahid Abbasov küçəsində də analoji vəziyyət hökm sürür. Bildirilir ki, 6-7 aydır su idarəsi yolları qazıb, indi isə bərpa etmir. Avtobuslar da yolsuzluq səbəbindən buralara gəlmir.
Bundan əlavə, bəzi küçələrdə avtobus dayanacaqlarında antisanitariya hökm sürür. Elə təəssürat yaranır ki, ərazidə təmizlik işləri aparılmır.