Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu haqda 24 avqust tarixində Nəsimi rayon İcra Hakimiyyəti məlumat verib.
Nəsimi RİH-nin başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib, sakinlərin müraciətlərini dinləyib. Görüşdə, həmçinin Azadlıq prospekti, A.Bakıxanov, Y.V.Çəmənzəminli, N.Vəzirov, M.Qaşqay küçələrinin əhatəsində, eləcə də rayonun digər ərazilərində yaşayan sakinlər iştirak ediblər. Qəbulda, o cümlədən küçənin işıqlandırılması, binanın və həyətin abadlaşdırılması, kanalizasiya xəttinin təmiri, işlə təmin olunma, ağacların budanması, istilik sisteminin təmiri barədə müraciətlərə baxılıb.
Tədbir zamanı sakinlərə Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işləri barədə məlumat verilib.
Qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müraciətlərlə bağlı müvafiq tapşırıqlar verilib.