Bakıda yaymaq məqsədilə ölkəyə 36 kiloqram narkotik gətirən 4 nəfər saxlanılıb. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Paytaxt ərazisində aparılan əməliyyatlar nəticəsində Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Fuad Əzizov, Emin Mustafayev, Fuad Yusubov və Samir Abbasov tutulublar.
Baxış zamanı onlarda 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər, bank kartları aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər İran vətəndaşları ilə əlbir olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini təşkil ediblər. Onlar narkotikləri Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər.
Faktla bağlı araşdırma davam edir, kuryerlər barəsində həbs qətimkan tədbiri seçilib.