13 sentyabr tarixində Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan 12 nəfər saxlanlıb. Əməliyyat-axtarış tədbirləri paytaxtın Zabrat, Maştağa, Bakıxanov, Balaxanı və digər qəsəbələrində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Kalaşnikov” markalı avtomat, 5 ədəd patron, eləcə də həmin silaha məxsus daraq aşkar edilib.
Əməliyyat zamanı əvvəlcə Ramil Əhmədov saxlanılıb. Onun üzərində və yaşadığı evdə ümumilikdə 3 kiloqram 550 qram marixuana aşkar edilib.
Əməliyyat çərçivəsində Vasif İsmayılov, Cabbar Hümbətov, Hüseyn Süleymanov, İlqar Əliyev və Vidayət Bədirov tutularaq istintaqa təqdim ediliblər. Onlardan heroin, metamfetamin və marixuana aşkar olunub.
Həyata keçirilən başqa əməliyyatlar zamanı isə rayonun digər ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Şahlar Bədirxanov, Rövşən Fətəliyev, Fərid Mustafayev, Cəmilə Qurbanova, Rahil Abbasov və Xaqani Axundov saxlanılıblar. Onların da üzərindən heroin, metamfetamin, marixuana və elektron tərəzilər aşkar edilərək götürülüb.
Saxlanılanlar izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar.