Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində polis əməkdaşları çətənə yetişdirən şəxsi saxlayıb. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Y.Səfərovun həyətindən 25 çətənə kolu aşkar edilərək ələ keçirilib.
Daha öncə, iyunun 11-də saat 14:00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən postda “Nissan” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Sürücü, Bakı şəhər sakini Yusif Əliyevin narkotik vasitənin təsiri altında olması barədə şübhə yarandığından, hadisə yerinə Siyəzən rayon polis şöbəsinin əməkdaşları cəlb olunub.
Polis əməkdaşları avtomobilə baxış keçirərkən 16 ədəd “Tramadol”, 4 ədəd “Fenazepam” və 2 ədəd “Metadon” həblərini aşkar edərək götürüblər. Əliyev barəsində protokol tərtib edilərək Siyəzən rayon polis şöbəsinə verilib.