Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində avtomobili qaçıraraq Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törədən şəxs tutulub. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Bakı şəhər sakini V.Allahverdiyev iyunun 18-də saat 21:00 radələrində Sabunçu qəsəbəsi ərazisindən “Ford Transit” markalı avtomobilin qaçırılması barədə polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin paytaxt sakini Heydər Əliyev tərəfindən qaçırıldığı müəyyən edilib. Əliyev Bakıxanov qəsəbəsi ərazisində “Toyota” və “Chevrolet” markalı avtomobilləri də vuraraq qəza törədib.
Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.