Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib. Bu haqda 16 mart tarixində Report məlumat verib.
Sabunçu rayonunda 2021-ci il sentyabrın 15-də İlqar İsmayılov 30 yaşlı Cabir Abulovla münaqişə edib və daha sonra onu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı İsmayılova qarşı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İlqar İsmayılov Cabir Abulovu öldürmədiyini deyib. Zərərçəkmişin hüquqi varisi Şəmsi Abulov da təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib. O, qardaşının İ.İsmayılov tərəfindən öldürülmədiyini söyləyib.
Məhkəmənin növbəti iclası martın 30-da keçiriləcək.