Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi, 38 ünvanında hündürlüyü təxminən 15 metr olan tüstü borusu aşma təhlükəsi İlə üz-üzə qalıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 9 may tarixində xəbər verir.
Məlumat dərhal aidiyyəti üzrə yerli icra hakimiyyətinə ötürülüb. Bununla belə, havanın küləkli olması nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və mümkün arzuolunmaz halların qarşısının vaxtında alınması məqsədilə FHN əməkdaşları qeyd olunan ünvana cəlb olunub.
Qurumun mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı yaşayış evlərinin bilavasitə yaxınlığında yerləşən borunun təhlükəsizlik kəmərlərinin qırılması səbəbindən küləyin təsiri ilə hər an aşma təhlükəsinin olduğu müəyyən edilib.
Borunun təhlükəsizlik kəmərlərinin bərpası və digər zəruri tədbirlərin görülməsi təmin olunmaqla, vətəndaşlar üçün yaranmış real təhlükə aradan qaldırılıb.