Bakıda əsgər ailələrinə qarşı dələduzluq edən şəxs peyda olub. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 1 nəfər naməlum şəxs 2 ailənin ümumilikdə 3000 AZN pulunu mənimsəyib.
Belə ki, o, əsgər ailəsinin evinə gələrək, özünü əsgər olan oğullarının komandiri kimi təqdim edib. Daha sonra o, övladlarının xəstələndiyini və onu hərbi hissədən çıxarmaq üçün pul lazım olduğunu bildirib.
“Deyir: “Uşaq özü demir, ciyərindən soyuqlayıb. Pul ver, uşağı göndərim, müalicə elətdir”. Mən də dözmədim, 2500 AZN verdim”, – deyə əsgər atası qeyd edib.
Dələduzun ailə haqda hardan məlumat aldığı məlum deyil.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, hazırda həmin şəxsin axtarışları aparılır.