Dünən, yanvarın 24-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində keçmiş həyat yoldaşının evində kürəklə döyülən 42 yaşlı kişi 3 saylı şəhər xəstəxanasında dünyasını dəyişib. Həkimlərin səylərinə baxmayaraq, Ramin Atakişiyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.
İş çərçivəsində Atakişiyevin keçmiş həyat yoldaşı və onun indiki əri tutularaq istintaqa təhvil veriliblər. Bu haqda APA məlumat verib.
Daha öncə məlum olub ki, yanvarın 19-da axşam saatlarında Ramin Atakişiyev öz uşaqlarının yanına getmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. Lakin onu keçmiş həyat yoldaşının qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb. Həmin şəxs Atakişiyevi kürəklə şiddətlə döyüb, ona ağır bədən xəsarətləri yetirib. Atakişiyev koma vəziyyətində reanimasiyaya yerləşdirilib.