“Azərxalça” ASC tarixində ilk dəfə olaraq ipək xalçaların istehsalına başlayıb. Bakıda onlar iki sexdə - şəhərin mərkəzində və Nardaran kəndində istehsal olunacaq. Bu haqda bu gün, 16 iyul tarixində Report məlumat verib.
İstehsal üçün xammal “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində fəaliyyət göstərən “Azəripək” MMC tərəfindən təmin edilir. İstehsalda xüsusi üsullardan və təbii boyalardan istifadə olunur.
Xalçalar, həmçinin İsmayıllı, Kürdəmir və Qəbələdə toxunur. İpək xalçalar yun xalçalardan daha bahalıdır. Buna səbəb xalçanın hazırlanmasında istifadə olunan xammalın baha olması və bu prosesdə daha çox əməyin sərf olunmasıdır.
Həmçinin məlum olub ki, “Azərxalça” ASC bu yaxınlarda Bruneyin ticarət mərkəzlərindən birində yeni satış məntəqələri açıb və Avstraliyadakı müştərilərinə onlayn xidmətlər göstərməyə başlayıb.