Bakıda “buster” doza və COVİD-19 pasportları ilə bağlı reyd keçirilib. Bu haqda Azərbaycan Televiziyası reportaj hazırlayıb.
Paytaxtın Binəqədi rayonu, Azadlıq metro stansiyası yaxınlığındakı iri ticarət mərkəzlərində nəzarət-maarifləndirmə tədbirləri keçirilib.
Reyd zamanı müəssisədə çalışan əməkdaşların vaksinasiya ilə bağlı sənədləri yoxlanılıb. Əksər müəssisələrdə hərarət ölçən cihazın olmaması ilə yanaşı tibbi maskadan istifadə etməyənlər də çoxluq təşkil edib.
DİN-nin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları həm mülki geyimdə, həm də xidməti geyimdə fəaliyyət göstərirlər: “Qaydalara riayət etməyən şəxslər iri ticarət mərkəzlərində aşkarlanarsa, həmin vətəndaşlar oradan uzaqlaşdırıldıqdan sonra obyektin inzibatçısı barədə inzibati tədbir görüləcək.”
“Buster” dozanı qəbul etmək istəyən vətəndaşlar isə əvvəlki vaksinasiyalardan fərqli olaraq ölkədə olan digər peyvənd növlərindən də istifadə edə bilərlər.