Bakının Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar yaşayış massivi tam olaraq qazlaşdırılsa da, yalnız bir ailənin yaşadığı mənzildə qaz yoxdur. Bu səbəbdən də həmin ailə bütün ev işlərini elektrik enerjisini istifadə etməklə görməyə məcbur qalır. Bu haqda bu gün, 4 avqust tarixində Real TV reportaj hazırlayıb.
Ev sahibi Balaş Babayev deyir ki, evinə qaz xəttinin çəkilməsi üçün dəfələrlə rəsmi qurumlara müraciət edib. Yaşadığı evin 20-25 metrliyində böyük diametrli qaz borusu keçsə də, şikayətçi müsbət cavab ala bilməyib.
“2021-ci ilin may ayında mən “ASAN Kommunal”a qaz çəkilişi ilə əlaqədar müraciət etdim. Bir müddət sonra rəsmi nümayəndələr baxış keçirdilər. Baxışdan sonra rəsmi məlumatın veriləcəyi vəd edilsə də, heç bir rəsmi cavab gəlmədi”.
Balaş Babayev deyir ki, “Azəriqaz” İstehsalat Birliyinə axırıncı dəfə müraciət edəndə qurumun əməkdaşları gəlib əraziyə baxış keçirdilər və ona bildirdilər ki, yaxın zamanda qaz çəkiləcək.
“Azəriqaz”dan müraciətə cavab olaraq bildirildi ki, artıq Balaş Babayevin problemi birliyin nəzarəti altındadır və yaxın zamanda ona lazımi köməklik göstəriləcək.
[URIS id=55536]