Bakının Binəqədi rayonu ərazisində, “Elite” ticərət mərkəzinin yaxınlığında yanğın zamanı gecəqondular (qanunsuz tikililər) və yük avtomobili yanıb. Bu haqda 27 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Belə ki, Cəfər Xəndan küçəsində ümumi sahələri 102 kv.m olan, taxta konstruksiyalardan ibarət birmərtəbəli bitişik tikililər və yaxınlığında parklanan yük avtomobilinin mühərrik hissəsi və kabinə yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Alışma söndürülüb, bitişik tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.